Bakı. Trend:
Hesabat ilinin sonunadək “YAŞAT” Fondunun hesabına ümumilikdə 92475,4 min manat vəsait mədaxil olub ki, bunun da 4380,2 min manatı 2024-cü ilin payına düşüb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, Fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 87759,5 min manat məbləğində vəsait xərclənilib. Bu xərclərin məbləği 2024-cü il ərzində 7752,3 min manat təşkil edib. Hesabat dövrünün sonuna qalıq vəsaitin məbləği 4715,9 min manat olub.
2024-cü il ərzində məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailəsi üzvlərinin 24 və yaralıların 3 müraciəti olmaqla, ümumilikdə 27 müraciət təmin edilib. Bu müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 88,5 min manat vəsait aidiyyəti üzrə xərclənilib.
Təhsilə, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına və yaradıcı potensialın inkişafına köməklik edilməsi ilə bağlı xərclərin ödənilməsi istiqamətində şəhid ailəsi üzvlərinin 527 və yaralıların 87 müraciəti olmaqla, ümumilikdə 644 müraciət təmin edilib. Bu müraciətlərin təmin olunması üçün Fondun büdcəsindən 1757,6 min manat vəsait aidiyyəti üzrə sərf edilib.
Hesabat ili ərzində 54 şəxsin hesabına (39 şəhid ailə üzvü və 15 yaralı) hər birinə 2 min manat olmaqla, ümumilikdə 108 min manat məbləğində vəsait köçürülüb.
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətində şəhid ailəsi üzvlərinin 16 482 və yaralıların 7 048 müraciəti olmaqla, ümumilikdə 23 530 müraciət təmin edilib. Bu müraciətlərin təmin olunması üçün Fondun büdcəsindən 5509,5 min manat məbləğində vəsait aidiyyəti üzrə yönəldilib. Xərclənən vəsaitin 818,5 min manatı ölkə xaricində müalicələrin aparılması məqsədilə istifadə edilib.
2024-cü il ərzində Fond tərəfindən ümumilikdə 16 layihə reallaşdırılıb, tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilmiş bu layihələrə ümumilikdə 396,6 min manat vəsait xərclənilib.