Bakı. Trend:
Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeli qurumlarda daxili nəzarət, audit və inventarlaşma tədbirləri, eləcə də aparılmış xidməti araşdırmalar nəticəsində 28,1 mln. manat vəsaitin əsassız ödənildiyi aşkar olunub, bu vəsaitin bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməkdədir.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, aparılmış audit tədbirləri nəticəsində 2024-cü il ərzində 77 əməkdaşa yazılı, 160 əməkdaşa şifahi xəbərdarlıq elan edilib, 18 əməkdaşa töhmət verilib, 3 əməkdaşın isə əmək müqaviləsinə xitam verilib.
Vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində aparılmış araşdırmalar və görülmüş tədbirlər nəticəsində 43 əməkdaşa yazılı, 15 əməkdaşa şifahi xəbərdarlıq elan edilib, 38 əməkdaşa töhmət verilib, 11 əməkdaşın isə əmək müqaviləsinə xitam verilib.
Əldə edilmiş (o cümlədən nəzarət tədbirləri vasitəsilə) məlumatlar, vətəndaşların müraciətləri, habelə məhkəmə və hüquq mühafizə orqanlarından daxil olmuş xüsusi qərarlar, təqdimatlar və digər sənədlər əsasında xidməti araşdırmaların aparılması nəticəsində 53 halda aşkar olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.