Bakı. Trend:
Hesabat dövründə regionlarda meşə fondu ərazilərində 4,1 milyondan çox ağac əkilib, 7,5 min ha sahədə meşəsalma və meşəbərpa işləri yerinə yetirilib. Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində 202 mindən çox (regionlarda 103 minə yaxın) müxtəlif növ ağac və kollar əkilib. Xəzər dənizi və ölkənin daxili su hövzələrində su bioloji resurslarının artırılması sahəsində işlər davam etdirilib, 5,8 mln. balıq körpəsi su hövzələrinə buraxılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, il ərzində ölkə üzrə 460,2 km, o cümlədən regionlarda 375,9 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 469,6 km dəmir yolu xətti yenidən qurulub, 168 dəmir yolu tuneli və ya körpüsü tikilib və ya əsaslı təmir olunub.
İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə hesabat ilində 3,9 min km (regionlarda 2,9 min km) fiber-optik kabel çəkilib, regionlarda ATS-lərin nömrə tutumu 876 min ədəd artırılıb.
Hesabat dövründə 4,7 min km (regionlarda 3.8 min km) elektrik xətləri çəkilib və ya əsaslı təmir edilib. 403 komplekt transformator məntəqəsi (regionlarda 346), 47 güc transformatoru (regionlarda 10) quraşdırılmış və ya əsaslı təmir olunmuş, 9 elektrik stansiyası (hamısı regionlarda) və 12 yarımstansiya (regionlarda 8) tikilmiş və ya əsaslı təmir edilmişdir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması və genişləndirilməsi istiqamətində ölkə üzrə 702,1 km (regionlarda 606,8 km) təbii qaz xətti çəkilib və ya bərpa olunub. Nəticədə 31 rayon və şəhərdə 18 yaşayış məntəqəsi və 24 yaşayış massivi təbii qazla təmin olunub, ölkə üzrə təbii qazla əhatə dairəsinin təchizat səviyyəsi (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) 96,5 %-ə, regionlar üzrə 94,5 %-ə çatıb.
Əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində ölkə üzrə 232,6 km (regionlarda 188,7 km) su, 139,6 km (regionlarda 130,5 km) kanalizasiya xətləri çəkilib, 4 ədəd (regionlarda 3 ədəd) su nasos stansiyası inşa edilib, 13 ədəd (regionlarda 10 ədəd) su anbarı tikilib və ya yenidən qurulub.
Kənd təsərrüfatı torpaqlarında 118 min pm kollektor-drenaj şəbəkəsinin, 242 min pm suvarma kanallarının tikintisi və bərpası həyata keçirilib, habelə 11 min ha torpağın su təminatı yaxşılaşdırılıb.