Bakı. Trend:
Hesabat dövründə 1396,5 min Qkal istilik enerjisi istehsal edilib, topdansatış qaydası ilə “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən 138,3 min Qkal istilik alınıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, istilik enerjisinin 99,6 %-i qaz yanacağı, 0,2 %-i elektrik enerjisi və 0,2 %-i dizel yanacağı istifadə edilməklə istehsal edilib.
İstilik itkiləri 13,2 %, qazın xüsusi sərfiyyatı 0,2 m³/Qkal azalaraq əvvəlki illə müqayisədə 140,2 m³/Qkal təşkil edib.
İstilik enerjisindən 4,6 min Qkal və ya ümumi istehsalın 0,3 %-i Şuşa şəhərində yeni tikilən qazanxanalarda istehsal edilib ki, ondan 1,6 min Qkal və 35,6% dizel yanacağı, 3 min Qkal və ya 64,4%-i elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.
2024-cü ildə istehlakçı qrupları üzrə 19 730 min manat dəyərində xidmət göstərilib. Bu xidmətlərin 17919,9 min manatı və ya 90,8 %-i istilik təchizatı xidmətləri, 1242,6 min manatı və ya 6,3 %-i isti su təchizatı xidmətləri, 567,6 min manatı və ya 2,9 %-i xidmət müqavilələri üzrə olub. 2023-cü illə müqayisədə xidmətin həcmi 2322,3 min manat və ya 13,3 % artıb.
İstehlakçı qrupları üzrə yığım faizi büdcədən maliyyələşən təşkilatlar üzrə 101,1 %, digər müəssisə və təşkilatlar üzrə 82,4 %, əhali istehlakçıları üzrə 77.9 % təşkil edib.