Bakı. Trend:
Cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi üçün ümumilikdə 128,1 mln. manat məbləğində pul vəsaitinin ödətdirilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai araşdırma səlahiyyətlərinə aid olan hüquqazidd əməllərə dair faktlar üzrə 288 şəxs barədə 196 cinayət işinin ibtidai istintaqı aparılıb.
Xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanıb qarşısının alınması üzrə keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanət və casusluq əməllərində şübhəli bilinən şəxslər aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunublar. 2024-cü il ərzində bu istiqamətdə toplanmış materiallar əsasında 26 cinayət işinin istintaqı aparılıb.