Bakı. Trend:
Beynəlxalq səviyyəli hökumət və qeyri-hökumət təşkilatları, habelə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) Aparatı ilə qarşılıqlı əlaqələr davam etdirilərək Milli preventiv qrupun (62) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (31) nümayəndələri tərəfindən müvəqqəti saxlama yerlərində 93 monitorinq keçirilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 əməkdaş intizam qaydasında cəzalandırılıb. Onlardan 17-si xidmətdən xaric olunub, 13-ü tutduğu vəzifədən azad edilib, 6-nın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 116-sı barəsində digər tənbeh tədbirləri görülüb.
Hesabat dövründə qanunsuz dini təbliğatla məşğul olan 97 nəfər barəsində cinayət işi başlanılıb, 51 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb. Həmin şəxslərdən 255 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, CD disk və digər əşyalar aşkarlanıb götürülüb.