Bakı. Trend:
2024-cü ildə Rusiya ilə dövlət sərhədində demarkasiya işləri davam etdirilib, yüksək dağlıq ərazilərdə dövlət sərhəd xəttinin keçdiyi yerlər müəyyən edilib, 6 nöqtədə yeni sərhəd nişanı quraşdırılıb, 2 nöqtədə sərhəd nişanı bərpa olunub və 9 nöqtədə sərhəd nişanının quraşdırma yerləri müəyyənləşdirilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, aparılmış demarkasiya işləri nəticəsində Azərbaycan-Rusiya dövlət sərhədi boyunca quraşdırılmış sərhəd nişanlarının ümumi sayı 193-ə (146 əsas, 47 köməkçi) çatdırılıb.
Hesabat dövründə Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində (Zəngilan, Qubadlı rayonları və qismən Laçın rayonu) zəruri sərhəd infrastrukturu yaradılaraq müdafiə mövqeləri möhkəmləndirilib.