Bakı. Trend:
Sanator-Kurort Reabilitasiya Mərkəzi tərəfindən 2024-cü ildə 182 müharibə iştirakçısına tibbi reabilitasiya xidmətləri, 603 şəhid valideyninə isə lazımi tibbi və psixoloji yardım göstərilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, Nazirlik tərəfindən 44 günlük Vətən müharibəsi iştirakçılarına və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşılıb, onların tibbi yardımla təmin olunması nəzarətdə saxlanılıb. 12 "Psixoloji Yardım Mərkəzi"ndə döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə regionlarda psixoloji yardımın göstərilməsi davam etdirilib, 2024-cü il ərzində 50 min müharibə iştirakçısı psixoloji yardımla təmin olunub, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 34 min, TƏBİB-in tabeliyində olan müəssisələrdə 8,9 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müəssisələrdə 4,5 min, Fövqəladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisədə 2,6 min nəfərə yardım göstərilib.