Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 1,5 mini təkərli oturacaq (o cümlədən, 35-i mühərrikli təkərli oturacaq), 497-si aşağı və yuxarı ətraf protezi, habelə 237-si eşitmə aparatı, 713-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin, əlilliyi olan şəxslərə 642 cüt protez və 901 cüt ortopedik ayaqqabı, 25 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin iki ayı ərzində ümumilikdə 3,4 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.