Bakı. Trend:
Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statuslarının əldə edilməsi ölkəmizdə istehsal olunan bir çox qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır:
"Eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanın yüksək patogen quş qripi virusundan azad statusunun təsdiq edilməsi quşçuluq məhsullarının ixracı üçün geniş imkanlar açır.
Belə ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor”
arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq
məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə
əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq
yumurtanın ixracına başlanıb. AQTA tərəfindən Çin Xalq
Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə
keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər
nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə
olunub.
Bütün bunlarla yanaşı, ilk dəfə olaraq Azərbaycan Respublikasından
Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına
başlanılır. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası
həyata keçirilməkdədir".
Qeyd edilib ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun
olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə
törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına
səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi
ölkəmizdən quşçuluq məhsullarının ixracının daha da
genişləndirilməsinə səbəb olub. İxracın artması bu sahədə qida
təhlükəsizliyi nəzarəti sisteminin inkişafının və Azərbaycanda
sənaye quşçuluğunun beynəlxalq standartlara uyğun olmasının
göstəricisidir.
Agentlik yerli istehsal qida məhsullarının xarici bazarlara çıxış
imkanlarının artırılması, ixrac potensialının genişləndirilməsi
istiqamətində sahibkarlıq subyektlərinə dəstəyini bundan sonra da
davam etdirəcəkdir.