...

Azərbaycan və Türkiyə təzyiqləri dəf etmək üçün səyləri birləşdirməlidir – Ziyafət Əsgərov

Cəmiyyət Materials 16 Aprel 2025 16:44 (UTC +04:00)
Azərbaycan və Türkiyə təzyiqləri dəf etmək üçün səyləri birləşdirməlidir – Ziyafət Əsgərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vurğulanıb ki, qonaqları salamlayan Ziyafət Əsgərov bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq və dostluğun ən yüksək zirvəsidir və dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsi bu müttəfiqliyimizin hüquqi çərçivəsini təşkil edir.

Ziyafət Əsgərov bildirib ki, müstəqil siyasət yürüdən Türkiyə və Azərbaycana təzyiqlər var və bu təzyiqləri dəf etmək üçün səylərimizi birləşdirməli, daha güclü olmalıyıq. O, Azərbaycan və Türkiyə, həmçinin türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

TBMM-in Milli müdafiə komitəsinin sədri Hulusi Akar bildirib ki, hər iki ölkə milli təhlükəsizliyin qorunması və cəmiyyətin rifahı naminə bütün lazım addımları həyata keçirir. O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səmimiyyət və qardaşlığa əsaslandığını qeyd edərək, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində əməkdaşlığımızın bundan sonra daha da inkişaf edəcəyini bildirib.

Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayıb¸ Türk dövlətləri arasında əməkdaşlığın ortaq təhdidlərə qarşı birgə mübarizə, regional təhlükəsizlik və sabitlik baxımından əhəmiyyəti barədə danışıb.

Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti