Bakı.Trend:
Azərbaycan və Qazaxıstan birgə mədəni və sivilizasiya dəyərləri əsasında humanitar əməkdaşlığı gücləndirir.
Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müavini Ramin Qəmbərov Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının IV iclasında çıxışı zamanı bildirib.
O bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər yalnız sıx siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır, həm də əsrlər boyu formalaşmış mədəni, mənəvi və sivilizasiya dəyərlərinin qarşılıqlı mübadiləsini əhatə edir.
Qəmbərov vurğulayıb ki, qlobal çağırışlar fonunda humanitar əməkdaşlıq xalqlar arasında dialoqun möhkəmləndirilməsi üçün mühüm vasitə kimi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə o, mədəniyyət, təhsil, elm və gənclər mübadiləsi sahəsində birgə təşəbbüsləri vurğulayıb. Bu səylər çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq, birgə mədəni tədbirlərin, sərgilərin, festivalların, teatr tamaşalarının və film nümayişlərinin təşkili mühüm yer tutur ki, bu da hər iki ölkənin mədəni müxtəlifliyini qabartmış olur.
Qəmbərov əlavə edib ki, Azərbaycan müxtəlif etnos və dinlərin sülh şəraitində bərabər yaşayışının əsası olaraq tolerantlıq, qarşılıqlı hörmət və dialoq prinsiplərinə söykənən multikulturalizm modelini fəal şəkildə təşviq edir. Bu yanaşma Qazaxıstanda da əksini tapmış və orada da uğurlu institusional baza formalaşmışdır.
O vurğulayıb ki, bu yanaşmalardakı oxşarlıq humanitar sahədə birgə həllərin işlənib hazırlanması üçün əlavə imkanlar yaradır.
“Azərbaycan və Qazaxıstan dünyaya ənənəvi dəyərlərin və müasirliyə açıqlığın harmonik ahənginin nümunəsini nümayiş etdirir. Bizim humanitar əməkdaşlıq - təkcə bilik və təcrübə mübadiləsi ilə məhdudlaşmır, o eyni zamanda regional sabitlik və qarşılıqlı etibar baxımından vacib faktordur”, - deyə Qəmbərov bildirib.
Qəmbərov onu da əlavə edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qazaxıstan qurumları ilə aktiv şəkildə əməkdaşlıq edir və yeni birgə layihələrin işə salınmasına hazırdır.