Bakı. Trend:
1 May tarixində Milli Aviasiya Akademiyasında “Mən burdayam” mövzusunda autizmli uşaqlar üçün festival keçirilib.
Festivalda İDDO Psixi Sağlamlıq Proqramı ilə yanaşı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tibbi Sığorta, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Yeni Klinika və digər təşkilatlar iştirak edib.
Açılış mərasimində çıxış edən İDDO Psixi Sağlamlıq Proqramının
direktoru Jalə Əhmədova bildirdi ki,
festivalın məqsədi autizmli uşaqların vaxtlarının səmərəli
keçirilməsi, onların cəmiyyətə inteqrasiyalarını
sürətləndirilməsindən ibarətdir. Proqram çərçivəsində autizmli
uşaqların təhsili, məşğulluğu və istedadlarının üzə çıxarılması
məsələləri daim diqqət mərkəzində olur.
Artıq 3 ildir ki, ardıcıl olaraq keçirilən festival ənənəyə çevrilib və autizmli uşaqlar üçün daha əhatəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Qonaq qismində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İDDO Psixi Sağlamlıq Proqramının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, ictimai qurum olaraq autizmli uşaqlarla məşğul olmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək müqəddəs bir işdir. Tədbir konsert proqramı ilə davam etdi. Autizmli uşaqlar hazırladıqları mahnı və rəqslərlə çixiş etdilər. Tədbir iştirakçıları autizmli uşaqların əl işlərindən ibarət sərgiyə baxdılar.
Sonra Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi, dosent Gülnarə Əhmədovaya və digər qurumların rəhbərlərinə autizmli uşaqların cəmiyyətə inteqrasiyasında fəal iştiraklarına görə Fəxri Fərmanlar təqdim olundu.