Bakı. Trend:
İcbari tibbi sığortadan istifadə sahəsində müəyyən demoqrafik və coğrafi meyillər müşahidə olunur.
Bu sözləri Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə deyib.
Bildirilib ki, cins və yaş qrupları üzrə təhlil göstərir ki, ümumi istifadəçilərin 55%-i qadınlar, 45%-i isə kişilərdir.
"Qadınların müraciətlərinin sayca üstünlük təşkil etməsi, əsasən, 50–65 yaş (25%) və 30–39 yaş (15%) qruplarında onların daha aktiv müraciətləri ilə bağlıdır.
Kişilər arasında ən çox istifadə 37%, 0–19 yaş aralığında qeydə alınıb. Bu, uşaqlar və yeniyetmələr arasında peyvəndlər, ilkin müayinələr və ambulator xidmətlərin çoxluğu ilə əlaqədardır. Kişilər üçün ikinci ən böyük istifadəçi qrupu isə 50–65 yaş aralığıdır (20%)",- deyə o qeyd edib.
Ramil Muxtarzadənin sözlərinə görə, coğrafi baxımdan isə xidmətlərdən ən çox istifadə Bakıda qeydə alınıb.
"Ümumi müraciətlərin 42%-i paytaxtda olub. Bu, Bakının əhali baxımından sıx və tibbi infrastrukturunun geniş olması ilə bağlıdır. Sumqayıt 9%, Bərdə–Yevlax bölgəsi 7% və Gəncə isə 7% payla ön sıralarda yer alır. Bu bölgələrdə həm əhali çoxdur, həm də tibbi xidmətlər aktiv şəkildə göstərilir.
Nəticə etibarilə bildirim ki, icbari tibbi sığortadan ən çox istifadə edənlər xüsusilə, orta və yuxarı yaşda olan qadınlar, həmçinin uşaqlar və gənc kişilərdir. Coğrafi baxımdan isə Bakı və ətraf regionlar sistemdən daha geniş istifadə imkanına malikdirlər",- deyə departament rəhbəri vurğulayıb.