Bakı. Trend:
Efir məkanında televiziya verilişləri və yerli istehsal olunan seriallarda təqdim olunan qadın və kişi rollarına xüsusilə diqqət yetirmək vacibdir.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, “deyingən evdar qadın”, “maddiyatçı qadın”, “avam qadın” obrazlarının hədsiz yer alması cəmiyyətdə qadın nüfuzuna xələl gətirir.
Eyni zamanda, güclü kişi obrazının məhz aqressivliklə eyniləşdirilməsi ictimai şüuru, xüsusilə formalaşma illərini yaşayan gənc nəsli yalnış yönləndirir, belə bir səhv təsəvvür formalaşdırır ki, aqressivlik, zorakılığa meyillik, ailə üzvlərinə təzyiq göstərmək xüsusiyyətləri “güclü kişi” obrazının mütləq tərkib hissəsidir.
Vurğulanıb ki, bu baxımdan, efir məkanında yeni yaradılan məzmunun qatı patriarxallıqdan uzaq olması zəruridir. Bunun üçün müvafiq məzmunu yaradan peşəkarların məhz gender həssaslığının artırılması üçün yuxarıda qeyd olunan tədbirlər vacibdir.