Bakı. Trend:
Dövlət orqanlarında və onların sistemində 2024-cü ildə rəhbər vəzifələrdə çalışan qadınların sayında əhəmiyyətli dəyişiklik baş verməyib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, məhkəmə sisteminə daxil olan məhkəmələrdə hazırda 163 qadın hakim fəaliyyət göstərir ki, bu da hakim korpusunun 26,1 %-ni təşkil edir.
Qadın hakimlərdən 11 nəfər inzibati vəzifə (1 hakim apellyasiya instansiyası məh-kəməsinin sədri, 1 hakim Ali Məhkəmədə kollegiya sədri, 2 hakim apellyasiya instansiyası məhkəmələrində kollegiya sədri, 6 hakim birinci instansiya məhkəməsinin sədri, 1 hakim birinci instansiya məhkəməsində sədr müavini) tutur.
Məhkəmə aparatlarında isə 1634 qadın çalışır ki, bu da məhkəmə aparatları işçilərinin ümumi sayının 53,6 %-ni təşkil edir.