Bakı. Trend:
Ombudsman Səbinə Əliyevanın elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində Milli Preventiv və Müstəqil Monitorinq mexanizm qruplarının üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə başçəkmə həyata keçirilib.
Bu barədə Trend-ə Ombudsman Aparatından mlumat verilib.
Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında keçirilmiş başçəkmənin məqsədi saxlanma şəraitinin, həssas əhali qruplarından olan şəxslərin hüquqlarının təmin edilməsi və sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı müəssisədə rəftar məsələləri və mövcud şərait araşdırılıb, keçirilmiş əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti və sənədləşmə yerində yoxlanılıb, müəssisə sakinləri ilə fərdi söhbətlər aparılıb, Ombudsmanın səlahiyyəti barədə ətraflı məlumatlar verilib, maarifləndirici çap vəsaitləri təqdim olunub.
Başçəkmənin sonunda sosial xidmət müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin və sənədləşmənin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.