...

Sabit tarif vasitəsilə təchizatçıların infrastruktur xərcləri stabil şəkildə ödəniləcək – Deputat

Cəmiyyət Materials 13 İyun 2025 16:36 (UTC +04:00)
Sabit tarif vasitəsilə təchizatçıların infrastruktur xərcləri stabil şəkildə ödəniləcək – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sabit tarif istehlakçı tərəfindən ödənilən ümumi tarifin sabit xərclərlə bağlı olan hissəsidir. Yəni bu, enerji təchizatçılarının daimi və dəyişməyən xərclərinin – misal üçün, infrastrukturun saxlanılması, əmək haqqı, təhlükəsizlik və texniki xidmət xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, bu məbləğ faktiki olaraq hal-hazırda da istehlakçılar tərəfindən ödənilir, sadəcə tarif strukturunda ayrıca göstərilmir:

“Ona görə də sabit tarifin qanunvericiliyə əlavə edilməsi heç bir halda yeni ödəniş və ya əlavə maliyyə yükü kimi qəbul edilməməlidir. Əksinə, bu strukturlaşdırma mövcud tarifin daha şəffaf və iqtisadi əsaslı şəkildə bölüşdürülməsinə xidmət edəcək”.

Bu dəyişiklik vətəndaşlara nə verəcək?

“İlk növbədə, sabit tarifin tətbiqi enerji təchizatçılarının maliyyə dayanıqlığını təmin edəcək. Enerji sistemində ən ciddi problemlərdən biri –təchizatçıların öz infrastruktur xərclərini planlaşdırmaqda çətinlik çəkməsidir. Sabit tarif vasitəsilə bu xərclər stabil şəkildə ödəniləcək, beləliklə də enerji xidmətlərinin fasiləsizliyi və keyfiyyəti təmin olunacaq.

İkinci mühüm məqam – subsidiya mexanizmlərinin mərhələli şəkildə azaldılmasıdır. Hazırda bəzi enerji təchizatçıları dövlət büdcəsindən ayrılan subsidiya hesabına ayaqda qalır ki, bu da sektorun sağlam rəqabət və iqtisadi əsaslarla inkişafına mane olur. Sabit tarif bu zərurəti aradan qaldırmağa və uzunmüddətli dövrdə subsidiya asılılığını minimuma endirməyə yönəlib.

Bu isə özlüyündə mövcud “Elektroenergetika haqqında” Qanunun mahiyyətindən, orada elektroenergetika fəaliyyəti sahələrinin strukturlaşmasının xarakterindən irəli gəlir. Bildiyiniz kimi, aparılan islahatların sonunda enerji istehsalı, ötürmə, paylama və satış proseslərinin ayrılması və bu sahədə rəqabətli mühitin yaradılması nəzərdə tutulur.

Bir əmtəə olaraq enerjisinin qiyməti istehsal xərcləri, ötürmə, paylama sisteminin üzərindən formalaşır. Bu sistem tətbiq olunarsa, enerjisinin maya dəyərində paylama sisteminin xərclərinin yenidən nəzərdən keçirilməsi baş verəcək və paylayıcı sistem operatorunun kifayət qədər yüksək olan xərclərinin qarşılanması üçün sabit tarif elementindən istifadə olunacaq. Hansı ki, indi paylayıcı şəbəkə öz mənfəətinin böyük hissəsini bu sahəyə, yəni paylayıcı şəbəkənin saxlanılmasına yönəldirsə, gələcəkdə bu xərclər sabit tariflə məhdudlaşacaq. Bu isə son nəticədə istehlakçının dəstəklənməsinə, enerjisinin maya dəyərinin optimallaşmasına gətirib çıxaracaq”, - deyə o qeyd edib.

Sadiq Qurbanov əlavə edib ki, inkişaf etmiş ölkələrdə sabit tarif elementləri tarif sistemlərinin əsas tərkib hissəsini təşkil edir.

“Türkiyə və Rusiya kimi qonşu dövlətlərdə də fərqli modellərlə – məsələn, sayğacın dəyərinin birbaşa abonentlər tərəfindən ödənilməsi ilə – sabit tarif prinsipi tətbiq edilir. Gürcüstanda isə hazırda bu sahədə təhlillər və modelləşdirmə işləri aparılır. Bu, göstərir ki, sabit tarif artıq regionda da aktual və praktik mexanizmə çevrilməkdədir”, - deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti