...

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı iyunun 17–22-də keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2025 23:47 (UTC +04:00)
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı iyunun 17–22-də keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq səviyyədə tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu il iyunun 17-dən 22-dək keçiriləcək.

Trend-in məlumatına görə, festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə və ümumilikdə 25-dən çox ölkədən 50-dən artıq ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festival iyunun 17-də Bakıda, Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə açılacaq.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək.

Proqramda İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansı, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium, eləcə də “Muğam 12” musiqi marafonu da yer alır. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının ustad konsertləri təşkil olunacaq.

Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi hesab olunan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək. Qeyd edilir ki, mayın 10-da Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında yaradılan şəraiti yüksək qiymətləndirmiş və burada müntəzəm muğam bayramları və müsabiqələrinin keçirilməsini tövsiyə etmişdi. Bu tədbir həm muğam sənətinin, həm də xalqımızın Qarabağa mənəvi-mədəni qayıdışının simvolu olacaq.

“Muğam aləmi” beynəlxalq festivalı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən önəmli beynəlxalq platformalardan biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən festival 2011, 2013, 2015, 2018 və 2023-cü illərdə də dünya üzrə sənətçiləri, alimləri və musiqiçiləri bir araya gətirərək mədəniyyətlərarası dialoqu gücləndirir, muğam irsinin yaşadılmasına mühüm töhfələr verir.

Xəbər lenti

Xəbər lenti