Bakı. Trend:
Bu ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 44 milyondan çox tibbi xidmət göstərilib
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edib.
"Cari ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 38%-i icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 44.2 milyon olub. Tibbi xidmətlərin 87 %-i ambulator, 13 %-i stasionar şəraitdə göstərilib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyini təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Respublika Klinik Xəstəxanası.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir", - qurumdan vurğulanıb.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində ümumilikdə 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib:
"Laborator tibbi xidmətlərin 85%-ni ambulator, 15%-ni isə stasionar tibbi xidmətlər təşkil edib. Ən çox müraciət edilən laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın miqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də protrombin zamanı (PT) kimi müayinələr daxildir.
Müqaviləli tibb müəssisələrində göstərilən tibbi xidmətlər:
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin ilk yarımilliyində vətəndaşlara 154 987 göndəriş verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 64 983 əməliyyat və prosedurdan yararlanıb.
Bu xidmətlərdən 1192-i uşaqlara, 63 791-i isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan:
29 001-ni invaziv radiologiya;
18 289-nu oftalmoloji;
7 675-ni ürək-damar cərrahiyyəsi üzrə xidmətlər təşkil edib.
Məlumat üçün bildirək ki, cari ilin 6 ayı ərzində Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir.
Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir".