Ağdam. Trend:
Ağdamda fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinin investisiya dəyəri 58 milyon manatdan çoxdur.
Trend xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin KazımovAğdam Sənaye Parkında açılışı olan tütün məmulatlarının istehsalı müəssisəsinə mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
"Məlumat üçün bildirim ki, ötən gün dövlət başçısının Qarabağ iqtisadi rayonuna tarixi səfəri çərçivəsində əlamətdar hadisələrin reallaşmasına şahidlik etdik. Belə ki, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başladı, bununla da ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 99-a çatdı.
Yeni müəssisənin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağımızın dirçəldilməsinə köməklik göstərəcək",- deyə o əlavə edib.
Fəaliyyətə başlayan tütün məmulatlarının istehsalı müəssisəsinin investisiya dəyəri 58 milyon manatdan çoxdur, hazırda fabrikdə 400 nəfərə yaxın şəxs daimi işlə təmin edilib. Müəssisədə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur.
Elçin Kazımovvurğulayıb ki, müəssisənin illik istehsal gücü 20 milyard ədəd siqaret təşkil edir:
"İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir.
Bundan başqa qeyd edim ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. Tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması ilə əlavə olaraq 400 nəfərə yaxın yeni iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir, 7 müəssisənin tikintisi davam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib".
"Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyon manatdan çox məhsul satışı edilib ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və s. ölkələrə ixrac edilir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər: Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən, 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyul tarixinə qədər 150 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Qeyd edim ki, hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur, bu sənaye zonalarında investisiya potfeli 8 milyard manatdan çox olan 159 sahibkarlıq subyektinə rezidentlik, 13 sahibkara isə qeyri-rezidentlik statusu verilib", - deyə o fikirlərini tamamlayıb.