Ağdam. Trend:
XVIII əsrdə inşa edilən və ermənilərin dağıtdığı Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscid binası yenidən bərpa olunub.
Bunu Trend-ə açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov deyib.
"Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən biri olub. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb", - o qeyd edib.
E.Aslanovun sözlərinə görə, Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb:
"Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi.
Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib.
Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır".