Xocalı. Trend:
Xocalı rayonunun Təzəbinə kəndində 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Trend-in yerli müxbirinə bildirib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir.
Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati
ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında
Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror
tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
Xatırladaq ki, Prezidenti İlham Əliyev iyulun 18-də Xocalının
Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası
sahəsində görülən işlərlə tanış olub.