Bakı. Trend:
Ölkənin ən genişmiqyaslı gənclər festivalı – “Yay Fest” respublikanın müxtəlif bölgələrindən olan 250 gənci “Həmrəylik” düşərgəsində bir araya gətirib.
Trend xəbər verir ki, 2025-ci il “Konstitusiya və Suverenlik İli” həsr olunan “Yay Fest 2025”in mövzuları da məhz bu əlamətdar ilin məzmununa uyğun seçilib. 7 iyul tarixində start verilən festival çərçivəsində gənclər Konstitusiya prinsipləri və dövlətçilik ənənələrinin təbliği, milli suverenlik və hüquqi dəyərlərin qorunması kimi mühüm mövzular barədə maarifləndirilir, müxtəlif fəaliyyətlərə cəlb olunurlar.
14-18 iyul tarixlərində təşkil edilən “Yay Fest 2025”in sayca ikinci olan “Həmrəylik” düşərgəsi birliyə əsaslanan düşüncə tərzinin təşviqi, ictimai həmrəyliyin gücləndirilməsi və ümummilli dəyərlərin təbliği istiqamətində iştirakçılara həm fərdi inkişaf, həm də sosial məsuliyyət baxımından önəmli imkanlar təqdim edib.
Düşərgə müddətində təşkil edilən “Milli dəyərlər və Ulu Öndər Heydər Əliyev irsi” mövzusunda görüş gənclərin tarixi irs və milli kimlik anlayışına dair biliklərinin dərinləşdirilməsinə xidmət edib. Təlim və panel görüşləri arasında “Zamanın idarə olunması və məqsədyönlülük”, “İçindəki lideri kəşf et” və “Mikrofona deyil, ürəklərə danış” kimi motivasiyaverici sessiyalar, “Səhnədən həyata: Yaradıcı ifadənin gücü”, “Könüllü təşkilatların həmrəylik modeli” və “Süni intellekt və gələcəyin bacarıqları” adlı interaktiv müzakirələr iştirakçıların yüksək marağına səbəb olub.
Belə ki, “Həmrəylik” düşərgəsi gənclər üçün həm öyrədici, həm də əyləncəli bir təcrübə yaşatmaqla yadda qalıb. Təbiət qoynunda baş tutan idman oyunları, intellektual yarışlar, master-klasslar, vörkşoplar ilkin tibbi yardım təlimi və haykinq kimi fəaliyyətlər iştirakçıların həm fiziki, həm də sosial bacarıqlarını inkişaf etdirməyə yönəlib. Zəngin və dinamik proqram gənclərin fərdi bacarıqlarını üzə çıxarmaqla yanaşı, onların asudə vaxtını səmərəli şəkildə dəyərləndirməsinə də şərait yaradıb. Hər axşam gənclərin sevilən müğənnilərinin iştirakı ilə təşkil edilən musiqili proqramlar, DJ performansları və tonqal ətrafında keçirilən dostluq söhbətləri düşərgə iştirakçıları üçün unudulmaz xatirələrə çevrilib.
Avqustun 29-dək davam edəcək festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək. Bu unikal platforma ümumilikdə 2000-dən çox gənci əhatə edəcək.
Xatırladaq ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, gənclər http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.