Bakı. Trend:
Xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 05 iyun – 09 iyul 2025-ci il tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınıb.
Bu barədə Trend-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, bunlardan 171-i barədə müsbət qərar verilərək qazanılmış AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilib.
6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.
Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib.