Bakı. Trend:
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionisti Ziyad Nəsibov nazirliyin rəsmi səhifəsinə müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- İİV infeksiyasından profilaktika və qorunma tədbirləri haqqında ətraflı məlumat verərdiniz...
- İnsanın İmmunçatışmazlığı Virusları (İİV) ilə mübarizədə əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək və ən əsası, maariflənməklə biz özümüzü, ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik.
Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV-ə müayinədən keçsin. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və mərkəzin regional laboratoriyalarında ödənişsiz, konfidensiallıq prinsipi qorunmaq şərtilə həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, Təmasdan öncə profilaktika (Prep) və Təmasdan sonra profilaktika (PEP) barədə məlumatlar verilir.
İİV-infeksiyasına yoluxma yolları barədə məlumatlı olduqdan sonra, asanlıqla bu infeksiyaya yoluxmanın qarşısını almaq mümkündür. İİV-ə cinsi yolla yoluxmanın qarşısını almaq üçün təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək və qoruyuculardan istifadə etmək tövsiyə olunur.
Azərbaycanda virusa parenteral yolla yoluxmanın qarşısını almaq məqsədilə, xüsusilə inyeksion narkotik istifadəçiləri arasında zərərin azaldılması proqramları çərçivəsində, risk qruplarının İİV-ə mütəmadi müayinəsi və profilaktik tədbirlər həyata keçirilir. Qeyd etmək istərdim ki, ölkədə Əvəzedici Opioid Terapiya (ƏOT) tətbiqi nəticəsində inyeksion narkotik istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə iki dəfəyədək azalıb. Bundan əlavə, donor qanlarının və nikahdan öncə İİV-ə mütləq müayinələrin aparılması İİV-ə yoluxma ilə mübarizədə həyata keçirilən mühüm addımlardan biridir.
İİV-in bətndaxili inkişaf dövründə anadan uşağa ötürülməsinin qarşısını almaq üçün, qadınların hamiləlik müddətində mütləq qaydada qadın məsləhətxanalarında qeydiyyata durması və İİV-ə müayinə olunması vacib şərtlərdən biridir.
- ARV-terapiyaya (Antiretroviral müalicə) nə zaman başlanılmalıdır?
- İİV virusları insanın immun sisteminin hüceyrələrində çoxalaraq, tədricən hüceyrələrin zədələnməsinə səbəb olur. Nəticədə orqanizm müdafiə funksiyasını yerinə yetirə bilmir: müxtəlif xəstəliklərin törədicilərinə, viruslara, bakteriyalara və bədxassəli şişlərə qarşı mübarizə aparmaq qabiliyyəti zəifləyir. İnsanda sağalması mümkün olmayan ağır infeksion xəstəliklər inkişaf edir.
İİV infeksiyası xroniki xəstəliklər qrupuna aid olduğu üçün, müalicəsi də ömürlükdür, yəni İİV-ə yoluxmuş şəxslər daimi olaraq antiretroviral preparatları qəbul etməlidirlər. Virusa qarşı tətbiq olunan müalicə-antiretrovirus müalicə (ARV terapiya) adlanır. Müalicənin əsas məqsədi orqanizmdə İİV-virusunun replikasiyasının qarşısını almaqla onun qanda müəyyən olunmayan səviyyəyə qədər endirilməsi və immun sistemin bərpasından ibarətdir. Nəticədə İİV-ə yoluxmuş şəxslərdə həyatın uzadılması və onun keyfiyyətinin yaxşılaşdırılması, ikincili xəstəliklərin inkişafının qarşısının alınması, ölüm hallarının azaldılması və İİV-in ötürülmə tezliyinin azaldılması baş verir.
İİV-ə yoluxmuş şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində həyata keçirilir və təyin olunmuş dərman preparatları ilə dövlət tərəfindən təmin olunurlar. Müalicə xəstənin aşkar olunduğu vaxtdan təyin olunur. Müalicənin əsas şərtlərindən biri xəstələrin müalicə rejiminə düzgün əməl etməsi və ARV terapiyaya sadiqliyidir. Xəstələr ARV terapiya rejiminə düzgün əməl etmədikdə, əlavə fəsadlar müşahidə oluna bilər. Bu cür hallar Mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi yardım göstərilir.
- İİV/QİÇS-ə qarşı peyvənd mövcuddurmu?
- Peyvənd müəyyən bir yoluxucu xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji preparatdır. Adətən xəstəliyə səbəb olan mikroorqanizmin öldürülmüş və ya zəiflədilmiş ştamlarından, onların toksinləri, yaxud səthi zülallarından hazırlanır və orqanizmə yeridilir. Bir müddət sonra ona qarşı yaranan anticisimlər sayəsində insan bu xəstəliyi yüngül keçirir və yaxud yoluxma baş vermir. Virus etiologiyalı digər xəstəliklərə görə tövsiyə olunan peyvəndlər qan dövranına daxil olan zaman, immun hüceyrələrimiz, daha dəqiq desək, B-limfositlər daxil olan antigenə qarşı anticisimləri yaratmağa başlayır. Ancaq, İİV virusları fərqli xüsusiyyətə malikdir.
Elmi araşdırmalar vasitəsilə müəyyən olunub ki, digər viruslardan fərqli olaraq, İİV yalnız hüceyrə DNT-də yerləşməklə kifayətlənmir. Eyni zamanda, yoluxduğu hüceyrə reseptorlarını da çox tez mutasiyaya uğradır. Nəticədə, daha çox və sürətlə mutant ştamlar əmələ gəlir və bütün mutasiya və ştamları hədəf alan tək bir peyvənd hazırlamaq olduqca çətindir. Lakin, İİV virusları, İİV infeksiyası üzərində illər ərzində aparılan çoxsaylı elmi arşdırmalar nəticəsində bir çox yeni nailiyyətlər əldə olunmuş və olunmaqda davam edir.
- İİV pozitiv insanların müalicələrinin onların həyat keyfiyyətinə təsirləri barədə məlumat verərdiz?
- İİV-ə yoluxmuş insanların yaşama müddəti erkən diaqnozun qoyulmasından və müalicəsinin erkən mərhələdə başlanmasından asılı olaraq, əhəmiyyətli dərəcədə uzanıb. Son elmi araşdırmalara əsasən, ART qəbul edən və mütəmadi müayinələrdən keçərək, nəzarət altında müalicəsini davam etdirən İİV-lə yaşayanlarla İİV-neqativ (infeksiyaya yoluxmamış) insanların yaşama müddəti eynidir.
Hazırda antiretrovirus terapiyasının (ART) əlçatanlığı baxımından, İİV-lə yaşayan insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ şəxslərdən fərqlənmir. İİV-lə yaşayan insanlarda yaşam müddətinə təsir edən əsas faktorlar xəstəliyin erkən diaqnostikası, müalicəyə erkən mərhələdə başlamaq, dərman qəbulunda sadiqliyin olması, sağlam həyat tərzi, immunitetin səviyyəsi, virus yükünün təyin olunmayacaq səviyyəyə gəlib çatması, ağırlaşmaların və yanaşı xəstəliklərin olub-olmamasıdır.