Bakı. Trend:
2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, göstərilən xidmət sayı isə 44.2 milyon olub. Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
"Habelə, sözügedən tibb müəssisələrində 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib. Ən çox müraciət edilən laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın miqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də protrombin zamanı (PT) kimi müayinələr daxildir.
Cari ilin ilk yarımilliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) 154 987 göndəriş verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 64 983 əməliyyat və prosedurdan yararlanıb. Əsasən, invaziv radiologiya, oftalmoloji, ürək-damar xəstəlikləri üzrə xidmətlər üstünlük təşkil edib", - deyə məlumatda qeyd edilib.