Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.
Trend xəbər evrir ki. bu barədə FHN məlumat yayıb.
Bu çərçivədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.
Şuşa və Xankəndi şəhərlərində, Ağdam, Cəbrayıl və Laçın rayonlarında aparılmış maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunub.
FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini onların diqqətinə çatdırır.