Bakı. Trend:
Respublikanın dörd bir yanında polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarına dair profilaktik tədbirlər fasiləsiz davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir.
Məlumatda bildirilib ki, işğaldan azad olunan ərazilərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri 30 il ərzində təbiətə vurulan ziyanı aradan qaldırmaq, ekoloji tarazlığı bərpa etməkdir.
“Məişət tullantılarını hara gəldi atmaq, ətraf mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq yolverilməzdir. Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, tullantıları yalnız urnalara atmağa və Qarabağı təmiz saxlamağa çağırırıq”, – məlumatda vurğulanıb.