Bakı.Trend:
Bakı Metropoliteni avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Trend xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Bildirilib ki, Bakı Metropoliteninin paytaxtda keçirilən kütləvi-mədəni tədbirlərlə əlaqəli müvafiq əməliyyat planına uyğun olaraq, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
Qeyd edilib ki, Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat daşınması, arena istiqamətində səmti düzgün müəyyən etməsi və oyun yekunlaşdıqdan sonra mənzil başına rahat çatmaları üçün əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək. Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.