Bakı. Trend:
Göyçay və Xaçmaz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi istifadəyə verilib.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat
yayıb.
Bildirilib ki, mərhələli şəkildə icra olunan proses artıq Göyçay və
Xaçmaz rayon mərkəzi xəstəxanalarında da tam yekunlaşıb.
"Bundan sonra hər iki tibb müəssisəsində vətəndaşlar tibbi
xidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbul
zamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlar
vaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbi
xidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarının
quraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək,
növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinə
yalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd və
qəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbi
xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili
əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan
faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha
əlçatan olmasına şərait yaradır.
Məlumat üçün bildirək ki, ölkə üzrə artıq 30-a yaxın tibb
müəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektron
növbə sistemi tam işlək vəziyyətə gətirilib",- deyə məlumata əlavə
edilib.
Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində növbələrin tənzimlənməsi, elektron növbə sisteminin işlək vəziyyətə gətirilməsi istiqamətindən həyata keçirilən tədbirlər davam etdirilir.