Bakı.Trend:
Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi haqda məlumatlar yayılıb.
İddialara görə, Lənkəran Təhsil İdarəsinin keçirdiyi iclasda qərar elan edilib ki, məktəb yalnız ibtidai siniflər üzrə fəaliyyət göstərəcək. Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Məlumata görə, qalan 500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə köçürülməsi planlaşdırılır.
Trend xəbər verir ki,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında məsələyə aydınlıq gətirib.
"Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəblə bağlı görüntülərlə biz də tanış olduq:
Tədris ili başlamazdan əvvəl tədris müəssisələrinin komplektləşdirilməsi ilə bağlı addımlar atılır. Prosesdən əvvəl də həmin vətəndaşlarla əvvəlcədən ünsiyyət var idi. MÜTDA tərəfindən həmin məsələ diqqətə götürülüb. Növbəti addımlarla bağlı ictimaiyyətə və valideynlərə məlumat veriləcək", - o qeyd edib.