Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib.
Trend xəbər verir ki, "Konstitusiya və Suverenlik ili" çərçivəsində təşkil olunan mediatur öz suverenliyini tam bərpa etmiş dövlətimizin işğaldan azad olunmuş ərazilərində də sakinlərin məşğulluğunun təminatı, o cümlədən, kiçik təsərrüfatlara yiyələnmələri üçün həyata keçirdiyi tədbirlər barədə media təmsilçilərini əyani şəkildə məlumatlandırmaq məqsədi daşıyıb.
Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 5420 şəxsin məşğulluğu təmin olunub. Onlardan 422 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Doğma yurdlarına qayıtmış vətəndaşlardan 249 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 621 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Media nümayəndələri əvvəlcə Laçın rayonunun Sus kənd sakini Namiq Əhmədovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində “Kişi bərbərxanası” zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.
Daha sonra jurnalistlər Laçın şəhər sakinləri Təhminə Abdullayeva, Reyhan Abdullayeva və Altay Qoşnalızadə üçün yaradılmış iş sahələri ilə tanış olublar. T.Abdullayeva və R.Abdullayeva “Kiçik dərzi sexi” zərfi, A.Qoşnalızadə isə “Səyyar kofe evləri” layihəsi üzrə müvafiq aktivlərlə təmin olunublar.
Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.