Bakı. Trend:
Mərkəzi Asiya və Qafqaz ali təhsil və tədqiqatların qlobal mərkəzinə çevrilməkdədir.
Trend xəbər verir ki, bunu “Times Higher Education”ın beynəlxalq məsələlər üzrə baş direktoru Fil Beti Bakıda keçirilən Avrasiya Universitetləri Sammiti çərçivəsində deyib.
O qeyd edib ki, coğrafi baxımdan bu region dünyanın mərkəzində yerləşir və Şərq ilə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu oynayır.
F. Beti Mərkəzi Asiya və Qafqazda ali təhsilin sürətlə inkişaf etdiyini vurğulayaraq, regionun qlobal tədqiqatlar və innovasiyalar üçün mühüm mərkəzə çevrildiyini bildirib.
Təşkilat nümayəndəsi tələbə sayının artımını, universitet filiallarının yaradılmasını və regional ali təhsil müəssisələrinin qlobal reytinqlərdə təmsilçiliyinin yüksəlməsini qeyd edib.
“Bununla yanaşı, Azərbaycan beynəlxalq reytinqlərə daxil olmuş universitetlərin sayı və yüksək keyfiyyət standartları baxımından liderdir”, - deyə o bildirib.