Bakı. Trend:
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq bir sıra mühüm istiqamətlər üzrə xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, ilk növbədə, rəqəmsal medianın idarə olunması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması üzrə qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.
"Bununla yanaşı, bu gün qlobal miqyasda ciddi təhlükə doğuran dezinformasiya, saxta xəbərlər və manipulyativ məzmunlarla mübarizə sahəsində əməkdaşlıq milli və regional informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Xüsusi vurğulamaq lazımdır ki, süni intellekt texnologiyalarının, multimedia platformalarının və yeni nəsil analitik vasitələrin tətbiqi medianın rəqabət qabiliyyətini artırır və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq müasir trendlərə daha sürətli uyğunlaşma imkanı yaradacaqdır".