Bakı. Trend:
Son 5 ildə dövlət, özəl və ictimai sektor nümayəndələrinin yaratdığı sinerji nətiçəsində yalnız iqtisadi sahədə 10 minlərlə qadın sahibkarlıq təşəbbüslərinə dəstək alıb.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə deyib.
Komitə sədrinin sözlərinə görə, onların bir hissəsi yaşıl iqtisadiyyat və ekoloji layihələrdə fəaliyyət göstərib: "Regional mərkəzlər şəbəkəsi vasitəsilə ölkənin əksər bölgələrində minlərlə qadın peşə hazırlığına, maliyyə savadlılığına və məşğulluq imkanlarına yiyələnib.
Uşaqların hüquqlarının müdafiəsi sahəsində isə Dövlət Komitəsi digər tərəfdaşları ilə birlikdə son illərdə uşaq müdafiə nexanizmləri şəbəkəsini genişləndirmiş, iqlim dəyişikliyi və ekoloji maarifləndirmə mövzularını məktəbyaşlı uşaqlar arasında təbliğ edən layihələr həyata keçirib".
B. Muradova qeyd edib ki, ailə institutunun gücləndirilməsi məqsədilə həyata keçirilən proqramlar minlərlə ailənin sosial rifahının yüksəldilməsinə və icmaların dayanıqlılığının artırılmasına töhfə verib.