Bakı. Trend:
UNEC-də “İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq konfrans keçirilir.
UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illik yubileyinə həsr olunan konfransın açılışında yerli və beynəlxalq ekspertlər, ali təhsil müəssisələrinin nümayəndələri, tələbələr və digər qonaqlar iştirak ediblər.
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın əsas məqsədi inklüziv təhsil sahəsində yerli və xarici ekspertləri bir araya gətirərək, inklüziv təhsil strategiyalarını, rəqəmsal transformasiyanın imkanlarını və süni intellektin tətbiqi ilə bağlı çağırışları müzakirə etməkdir.
O, mərkəzin 10 illik fəaliyyətinə nəzər salaraq, universitetdə uğurlu İnklüziv təhsil modelinin yaradıldığını bildirib. Əlilliyi olan gənclərin ali təhsil seçimində UNEC-in üstünlük təşkil etdiyini və tələbələrin sayının ildən-ilə artıdığını bildirib. Onlar üçün inklüziv mühitin formalaşdırıldığını, beynəlxalq mübadilə proqramlarında iştirak imkanları yaradıldığını, eyni zamanda UNEC-də Psixoloji Xidmət Mərkəzinin fəaliyyət göstərdiyini və tələbələr üçün dəstək imkanlarının genişləndirildiyini diqqətə çatdırıb.
Sonra tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də 2025-ci ilin “İnklüziv təhsil ili” elan olunduğunu diqqətə çatdıraraq təhsilin əlçatanlığının və inklüziv mühitin təmin edilməsinin universitetin əsas dəyərlərindən biri olduğunu vurğulayıb. O, UNEC-də İnklüziv Təhsil Mərkəzi ilə yanaşı, könüllü tələbələrdən ibarət “İnklüziv Təhsilə Dəstək Təşkilatı”nın da fəaliyyət göstərdiyini bildirib.
“British Council Azərbaycan”ın direktoru Nərgiz Hacıyeva çıxışında inklüziv mühitin dəstəklənməsinin əhəmiyyətindən danışaraq, əlçatan təhsilin inklüzivliyin əsas amillərindən olduğunu bildirib. O, bərabər imkanlar üzərində qurulan təhsilin cəmiyyəti daha güclü, dayanıqlı və yaradıcı etdiyini vurğulayıb.
Dünya Əlillər Cəmiyyətinin icraçı direktoru Necdet Öztürk UNEC-lə uzunmüddətli uğurlu əməkdaşlıqdan söz açıb, bu ali təhsil müəssisəsinin inklüziv təhsil sahəsində uğurlu model yaratdığını diqqətə çatdırıb. “Hazırda dünyada yaşayan insanların 15 faizi əlilliyi olan şəxslərdir. Bu insanlar dövlətlərin, ali məktəblərin və ictimaiyyətin əsas diqqət mərkəzində olmalıdır” - deyən N.Öztürk UNEC-in bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. O, konfrans çərçivəsində səsləndiriləcək təkliflərin bu istiqamətdə faydalı olacağına inamını ifadə edib və konfrasın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edənlər inklüziv təhsil istiqamətində öz təcrübələrini, eləcə də uğurlu modelləri bölüşüblər. Xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq təhsil imkanlarından istifadə etməsinin, həmçinin rəqəmsal texnologiyaların və süni intellektin inklüziv təhsildə tətbiqinin əhəmiyyətini vurğulayıblar.
Açılış sessiyasından sonra “İnklüziv ali təhsildə qlobal trendlər” və “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün beynəlxalq mübadilə proqramlarına çıxış imkanları” mövzularında panel müzakirələri keçirilib.
Konfrans oktyabrın 3-dək davam edəcək.