Bakı. Trend:
Alman şirkətləri Azərbaycan üçün mühüm və arzuolunan tərəfdaşlar hesab olunur, xüsusilə də iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı sənaye inkişafı kontekstində.
Trend xəbər verir ki, bunu Almaniya- Azərbaycan Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Vik “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı 2025-də deyib.
“Bu gün keçirilən konfrans layihə rəhbərləri, ixracatçılar və hər iki ölkədən olan maliyyə qurumlarının birbaşa əlaqələr qurması üçün mühüm platformadır. İnvestisiya qərarları təkcə qiymət amilinə əsasən verilmir - burada bütün faktorların məcmusu rol oynayır. Bu baxımdan, alman şirkətləri innovativ texnologiyalar, etibarlı ticarət dəstək alətləri təklif edir, həmçinin təlim, xidmət və biliklərin ötürülməsinə yüksək sadiqlik nümayiş etdirirlər”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, Almaniya-Azərbaycan Ticarət Palatası ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verə biləcək layihələrin müəyyənləşdirilməsi istiqamətində fəal fəaliyyət göstərir.
“Yaranan imkanlardan yararlanmaq üçün alman şirkətlərinə yalnız əlverişli investisiya şəraiti deyil, həm də şəffaf biznes mühiti, səmərəli inzibati prosedurlar və operativ qərar qəbuletmə prosesi lazımdır”,- N. Vik vurğulayıb.