...

Kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib - Əli Nağıyev

Cəmiyyət Materials 9 Oktyabr 2025 10:57 (UTC +04:00)
Kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib - Əli Nağıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal kiberməkanda ölkəmizin milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetləri sırasında olub.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İnformasiya Təhlükəsizliyi” elmi-metodiki jurnalında “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının iştirakçılarına müraciətində deyib.

DTX rəisi bildirib ki, müxtəlif əməkdaşlıq platformaları çərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik üzrə cavabdeh qurumları, eləcə də qlobal texnologiya şirkətləri və təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb:

“Cari ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin proqram platforması formalaşdırılıb, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə vəzifəli və məsul şəxslər müəyyən olunub, həmçinin həmin şəxslərlə təhlükəsiz əlaqə kanalları yaradılıb.

Bununla yanaşı, kritik informasiya infrastrukturlarının təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət birgə Komissiya formalaşdırılıb.

Cari ildə kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib və onların kibermüdaxilə cəhdlərinin qarşısı vaxtında alınıb. Həmçinin, kritik informasiya infrastruktur obyektinə qarşı kiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsiz əldə edilməsində, eləcə proqram təminatlarının qanunsuz dövriyyəsini də təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Ə.Nağıyev vurğulayıb ki, bu kimi artmaqda olan kibertəhdidlərə dair reallıqlar, xüsusilə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi sahəsində müasir çağırışlar beynəlxalq təcrübənin daim öyrənilməsini, qabaqcıl sahə standartlarının tətbiqini, informasiya mübadiləsinin geniş ləndirilməsini və xüsusilə milli kadr potensialının gücləndirilməsini tələb edir:

“DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən bütün növ kibertəhdid məlumatlarının toplanması, təhlili və maraqlı tərəflər arasında paylaşılmasını təmin edən, yerli və qlobal təşkilatlarla əməkdaşlıq etməyə, bu məlumatları əlaqələndirməyə və kollektiv kibermüdafiəni gücləndirməyə imkan verən MISP platforması yaradılıb. 2023-cü ildə yaradılmış MISP platforması ölkənin kritik informasiya infrastrukturu subyektləri arasında zərərli IP ünvanlar və domen adları, zərərli fayllar və onların eyniləşdirmə dəyərləri və s. bu kimi göstəricilərin mübadiləsini hayata keçirməyə imkan verir. Bu platforma tərəfdaş xarici xüsusi xidmət orqanları ilə kibertəhdidlərə qarşı birgə mübarizədə də effektiv əməkdaşlıq üçün mühüm vasitəyə çevrilib”.

Xəbər lenti

Xəbər lenti