Bakı. Trend:
17 noyabr tarixində Bakıda "Euronews" ofisinin təntənəli açılış mərasimi baş tutub.
Trend xəbər verir ki, tədbir "Euronews"un Direktorlar Şurasının sədri Pedro Vargas Davidin açılış nitqi ilə başlayıb. O, Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinin və "Euronews"un regiondakı mövcudluğunun genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Mərasim çərçivəsində artıq həyata keçirilmiş birgə layihələr təqdim olunub, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazda baş verən əsas siyasi, iqtisadi və sosial proseslərə və onların regionun Avropa ilə münasibətlərinə təsirinə həsr olunmuş "Eurasia Talks" proqramının buraxılışının çəkilişi aparılıb.
Qeyd edək ki, "Euronews" 20 dildə yayımlanan beynəlxalq xəbər telekanalıdır. Kanal aktual beynəlxalq hadisələrin işıqlandırılmasına və Avropa ölkələri ilə qonşu region ölkələri arasında əməkdaşlığın inkişafına fokuslanır.
