Bakı. Trend:
20 Noyabr – Ümumdünya Uşaqlar Günü ilə əlaqədar Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin fəaliyyəti haqqında məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən xəbərə görə, məlumatda mərkəzin bu günə qədər yüzlərlə uşağa dəstək göstərdiyi, onların sağlam, təhsilli və təhlükəsiz mühitdə böyüməsi üçün ardıcıl fəaliyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, Bolnisi rayonunun kəndlərində və şəhər mərkəzində fəaliyyət göstərən tədris kursları vasitəsilə müxtəlif layihələr, tədbirlər və məlumatlandırıcı görüşlər keçirilib. Bununla yanaşı, mərkəz uşaqların hüquqlarının qorunması, uşaq müdafiəsi və sosial inteqrasiya mövzularında bir çox QHT və dövlət qurumları ilə sıx əməkdaşlıq edib. Uşaqların maarifləndirilməsi, sosial bacarıqlarının inkişafı, erkən nikah və zorakılığın qarşısının alınması kimi mövzularda ictimai müzakirələr, təlimlər təşkil olunub.
Qeyd olunub ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” olaraq əsas məqsədin uşaqların rifahının yaxşılaşdırılması, onların təhsil, sağlamlıq və müdafiə xidmətlərinə bərabər çıxışının təmin edilməsidir. Uşaq hüquqlarının qorunması və onların potensialının inkişafına dəstək olmaq fəaliyyətimizin prioritet istiqamətlərindəndir.
