...

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib

Cəmiyyət Materials 4 Dekabr 2025 18:38 (UTC +04:00)
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində şahidlər dindirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Ruhan Hüseynov ifadəsində qeyd edib ki, qardaşı Ağdarə istiqamətində gedən döyüşlərdə şəhid olub:

“Sosial şəbəkədə yayılan videoya baxdım, gördüm ki, şəhidlərə hörmətsizlik edilib. Ona görə də şikayətçiyəm. İstəyirəm ki, onlar azadlıqdan məhrum edilsinlər”.

Daha sonra şahidlər ifadə verib.

Şahid Kəmalə Sadıqova bildirib ki, ittiham edilən şəxslərin məzarın üstündə atılıb-düşdüklərinin görüb:

“Onlara xəbərdarlıq etsəm də bizi başa düşmürdülər və öz işlərinə davam edirdilər. Hətta köynəklərini çıxarıb oynayırdılar. Mən onlara əl-qolla da buranın müqəddəs yer olduğunu başa salmağa çalışdım. Lakin məni anlamırdılar”.

Şəhidlər xiyabanında xadimə işləyən Sevil Əliyeva isə bildirib ki, hadisə baş verən zaman təmizlik işləri görürmüş:

“Səs-küy gəldi, gedib gördük ki, qeyri-etik hərəkətlər edirlər. Dil bilmədiyim üçün heç nə deyə bilmədim”.

Şahid qismində tanınan Bəsti Ağayeva da bildirib ki, Şəhidlər xiyabanında təmizlik işləri görərkən üç gəncin nalayiq hərəkətlərini görüb:

“Axşam tərəfi idi. Gördüm ki, 3 nəfər şəhid məzarı üzərindəki gülləri oynadırlar”.

Təqsirləndirilən şəxslər bildirib ki, hadisə zamanı onlara bir xanım yaxınlaşıb, amma ifadə verənləri tanımlırlar.

Proses 9 dekabrda digər şahidlərin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti