Bakı. Trend:
Media savadlığı məsələsi terror qruplarının yaratdığı təhdidlər fonunda bu gün üçün aktual mövzulardan biridir.
Trend xəbər verir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.
Dekan bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bir çox digər ölkələr üçün də vacibdir: “Çünki texnologiyaların inkişafı ilə yaranan yeni çağırışlar cəmiyyətdə mediaya dair müəyyən bilik və bacarıqların olmasını zəruri edir. Bu mənada media savadlığı ilk sırada dayanır.
Media savadlığı elə bir sahədir ki, yalnız jurnalistika fakültələrinin tələbələri üçün məhdudlaşa bilməz. Jurnalistlər informasiya savadlığı üzrə dörd illik təhsil alaraq informasiya ilə işləməyin spesifik prinsiplərini, media–cəmiyyət əlaqələrinin necə qurulduğunu, peşə normalarını və standartları öyrənirlər. Lakin media savadlığı bütövlükdə cəmiyyətə xitab edən bir anlayışdır — 21-ci əsrin hər bir insanı media savadlı olmalıdır. Çünki bizim gündəlik istifadə etdiyimiz smartfon belə bir media vasitəsi hesab oluna bilər”.
V.Zifəroğlu vurğulayıb ki, media çoxşaxəli bir anlayışdır və təkcə kütləvi informasiya vasitələri ilə məhdudlaşmır: “Sosial mediada yaranan informasiya təhlükələri bunun bariz nümunəsidir. Bu səbəbdən cəmiyyətin hər bir fərdi media anlayışını, medianın doğura biləcəyi təhdidləri və təsirləri anlamalıdır ki, həmin təsirlərə ya məruz qalmasın, ya da minimum dərəcədə məruz qalsın”.
BDU-nun nümayəndəsi xatırladıb ki, 2020-ci ildə Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi tədris proqramına əsasən, jurnalistika fakültələrində media savadlığı fənni bir semestr tədris olunur. Lakin bu proses yalnız universitetlə məhdudlaşmalı deyil:
“Türkiyədə olduğu kimi, media savadlığının orta məktəb səviyyəsində tədrisə daxil edilməsi vacibdir. Orta məktəblərdə bir sıra fənlərə media savadlığı elementlərinin inteqrasiyası mümkündür. Media savadlığı elə bir sahədir ki, bir dəfə öyrənməklə bitmir, davamlı şəkildə inkişaf etdirilməli, yeni yenilənən informasiya mühitinə uyğunlaşdırılmalıdır. Bu proses orta məktəbdən başlayıb, ali təhsil səviyyəsində davam etməli, daha sonra isə cəmiyyət üçün açıq maarifləndirici proqramlarla möhkəmləndirilməlidir”.
V.Zifəroğlu sonda əlavə edib ki, süni intellektin cəmiyyət üçün nəyi ehtiva etməsi ilə bağlı hələ də müxtəlif yanaşmalar mövcuddur.
“Eyni zamanda, beynəlxalq platformalarda — məsələn, 2022-ci ildə İstanbulda keçirilən media forumunda “Metaverse”, jurnalistika və yeni media mühitinin inkişaf istiqamətləri geniş şəkildə müzakirə olunurdu. Bu proseslər göstərir ki, media savadlığı yalnız informasiya qəbulu deyil, həm də gələcək texnoloji tendensiyalara hazırlıqlı olmağı tələb edir.
Bu baxımdan, media savadlığının genişləndirilməsi, formal və qeyri-formal təhsili əhatə edən geniş miqyaslı proqramın hazırlanması və sistemli maarifləndirmə işlərinin aparılması olduqca vacibdir”, - deyə o fikrini tamamlayıb.
Qeyd edək ki, bu gün Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.
Forum çərçivəsində birinci panel sessiya “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunub.
“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikinci panel sessiyaya keçirilməsi də nəzərdə tutulur.
