Bakı. Trend:
Abidələrin toxunulmazlığına dair qanunvericilik təkmilləşdirilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Layihəyə əsasən, abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.
