Bakı. Trend:
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır.
Ə.Əsədov əlavə edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
- İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
- Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
- Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
- Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
- Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.
