Bakı. Trend:
Aidiyyəti qurumlar tərəfindən aparılan müzakirələr nəticəsində tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri vurğulayıb ki, bu zaman həm də həmin məhsulların insan sağlamlığına mənfi təsirinin azaldılması mülahizəsi, başqa sözlə Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsas götürülüb.
“Yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması tamamilə idxaldan asılı olan və kifayət qədər də aşağı aksiz dərəcəsinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin çoxalmasına və minimal qiymətlər səbəbindən bazar payının kəskin artmasına gətirib çıxara bilərdi. Bu baxımdan tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb”, - deyə o vurğulayıb.
A.Əmiraslanov aksiz dərəcələrinin dəyişdirilməsi təklif edilən tütün məmulatları barədə də bəhs edib.
“Birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilir.
İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilir”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.
Təkliflər müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
