Bakı. Trend:
Sertifikasiyada yeni qaydalara əsasən ekvivalent ballar müəyyən edilir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova canlı yayımda sertifikasiya üzrə yeniliklərdən danışarkən bildirib.
Onun sözlərinə görə, 26 noyabr tarixində təsdiqlənmiş qərara əsasən növbəti illər üçün sertifikasiyada akreditasiya balları hazırlanır:
“Səhiyyə Nazirliyi tərəfindən elmi fəaliyyəti nəzərə alınmaqla, ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almış tibb işçiləri üçün ayrıca akreditasiya balları hesablanacaq. Elmi işləri olanlar, Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş məcmuə və jurnallarda məqaləsi dərc olunanlar, həmçinin ölkə daxilində və xaricdə elmi jurnallarda yazıları yayımlananlar üçün xüsusi ekvivalent ballar təyin ediləcək”.
Şərafət İsmayılova əlavə edib ki, ali və orta ixtisaslı kadrların pedaqoji fəaliyyəti, eləcə də müstəqil pedaqoji fəaliyyət (ezamiyyətlər, təlimlər və s.) üzrə də ayrıca ekvivalent ballar hesablanacaq.
Qaydaların gələcəkdə orta tibb işçiləri və əczaçılar üçün də tətbiqi nəzərdə tutulur.
