...

İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

Cəmiyyət Materials 17 Dekabr 2025 15:58 (UTC +04:00)
İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

Bakı. Trend:

Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə terapevt müayinəsindən keçməsi tövsiyə olunur.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, bu müayinə çərçivəsində ümumi qan və sidik analizləri, arterial təzyiqin ölçülməsi, qanda qlükoza səviyyəsinin yoxlanılması, lipid profili, bədən kütlə indeksinin hesablanması aparılmalıdır:

“Yaşdan və risk faktorlarından asılı olaraq, elektrokardioqrafiya, qaraciyər və böyrək funksional testləri, həmçinin göz və diş müayinələri məsləhət görülür. Qadınlarda ginekoloji, kişilərdə uroloji profilaktik müayinələr mütləqdir. Əslində özümüzü yaxşı hiss etsək belə, bəzi xəstəliklər illərlə simptomsuz gedə bilər. Ona görə də ildə bir dəfə ümumi yoxlanışdan keçmək məsləhətdir”.

V.Məmmədova bildirib ki, bəzən bir çox xəstəliklərin əlamətləri nəzərə çarpmadığından artıq son həddə çatanda həkimə müraciət edilir:

“Bu isə çətin olmaqla yanaşı, həm də gecikməyə səbəb olur. Elə buna görə də xəstəlik getdikcə irəliləyir və sağalma ehtimalı azalır. Buna görə də müayinələrdən vaxtlı-vaxtında keçmək çox əhəmiyyətlidir”.

Terapevt vurğulayıb ki, müayinələrdən əvvəl əməl edilməli olan bəzi göstərişlər də var:

“Xəstələr müayinəyə acqarına gəlməlidirlər, çünki onu müayinə edəndə, hansısa bir şikayətə uyğun analiz tələb oluna bilər. Öd kisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daha rahatdır. Xəstə qidalanıb müayinəyə gələndə bəzi detallar sonoqrafik müayinədə gözdən qaça bilər”.

V.Məmmədova sonda qeyd edib ki, vaxtında müayinədən keçmək orqanizmin müdafiə gücünü də artırır:
“Hazırda sağlamlığa nəzarətin əsas sınanmış üsulu vaxtaşırı profilaktik yoxlanışlardan keçib, həkimin verdiyi təlimatları yerinə yetirməkdir. Zamanında edilən tibbi müdaxilə xəstənin xilasına səbəb olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti