...

AzMİU-da Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin yeni binası istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2025 19:30 (UTC +04:00)
AzMİU-da Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin yeni binası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubleyi ərəfəsində universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsi üçün nəzərdə tutulan yeni tədris binasının istifadəyə verilib.

Açılış mərasimində AzMİU-nun rəhbərliyi, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin professor-müəllim heyəti, tələbələr və universitetin müxtəlif struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

Yeni bina müasir təhsil standartlarına uyğun şəkildə inşa olunub. Zirzəmi, iki mərtəbə və 30 otaqdan ibarət binanın ümumi sahəsi 1702 kv/m təşkil edir. Enerji səmərəliliyi prinsipi əsasında layihələndirilən binanın tikintisi zamanı ekoloji təmiz materiallardan istifadə olunub. Müasir auditoriyalar, ixtisaslaşdırılmış dərs otaqları, kompüter sinifləri və inzibati sahələrlə təchiz edilib. Geniş auditoriyalar, dil laboratoriyaları, emalatxana, mətbəə və istirahət zonaları tələbələrin rahatlığı və effektiv təhsil alması üçün müasir texniki avadanlıqlarla təmin edilib, həmçinin beynəlxalq təhsil mühitinin tələblərinə uyğun dizayn olunub.

Burada yüksək sürətli Wi-Fi şəbəkəsi, “ağıllı lövhələr”, multimedia proyektorları quraşdırılıb.

Bina, həmçinin əlilliyi olan tələbələrin rahat təhsil alması üçün inklüziv elementlər və adaptiv infrastruktur vasitələri ilə təmin edilib.

Son illərdə AzMİU-da tədris infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir, auditoriya və laboratoriyalar müasir standartlara uyğun şəkildə təchiz olunur. Əcnəbi vətəndaşların hazırlığı fakültəsi üçün yeni binanın istifadəyə verilməsi də bu siyasətin məntiqi davamıdır və universitetin beynəlxalq tələbələr üçün təhsil imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Yeni binanın fakültənin fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti