Bakı.Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib.
Trend xəbər verir ki, tədbirin rəsmi hissəsindən tədbirdən öncə Gülüstan Sarayında təşkil olunan “Təhsil və İrs” sərgisinə baxış keçirilib.
Sərgidə universitetin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi-pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olunub.
Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Elm və Təhsil Nazirliyinin rəhbərliyi, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.
Rəsmi tədbirdə çıxış edən rektor, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir. Rektor qeyd edib ki, 50 illik yubileyin qeyd edilməsi həm də ölkədə memarlıq və inşaat təhsilinin inkişafına dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan
Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq
potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri
kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki,
universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək
bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları
AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.
Emin Əmrullayev AzMİU-da rəqəmsal transformasiya sahəsində görülən
işləri yüksək qiymətləndirib, tədris prosesində müasir rəqəmsal
platformaların tətbiqi, elektron resursların genişləndirilməsi və
idarəetmədə innovativ həllərin universitetin dayanıqlı inkişafına
mühüm töhfə verdiyini bildirib. Vurğulayıb ki, bu istiqamətdə
atılan addımlar tələbələrin bilik və bacarıqlarının artırılmasına,
təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Tədbirdə AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji
nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən
təqdimat filmi nümayiş etdirilib.
Rəsmi hissənin davamında yubiley münasibətilə universiteti təbrik
edən qonaqlar çıxış edib, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin ötən illər ərzində qazandığı zəngin təcrübə və
formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz
açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu
mövqeyi yüksək qiymətləndiriblər.
Vurğulanıb ki, AzMİU-nun 50 illik yubileyinin qeyd edilməsi
universitetin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı,
Azərbaycanın mühəndislik, memarlıq və dizayn təhsilinin gələcək
inkişafı üçün möhkəm təməl yaradır. Bu yubiley ölkənin insan
kapitalının inkişafına yönəlmiş dövlət siyasətinə verilən töhfənin
və AzMİU-nun milli intellekt mərkəzi kimi rolunun bir daha
təsdiqidir.
Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin
inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə
universitet rəhbərliyi tərəfindən təltif olunub.
Yekunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbər və pedaqoji heyəti Universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
